İŞÇİ QANUNLA HƏR GÜN NEÇƏ SAAT İŞLƏMƏLİDİR?

Hüquqşünas Cavad Mustafazadə sizə işçinin gün əzrində neçə saat işləməli olduğunun qanunvericilikdə təsbit edilmiş qaydalarından danışır.

İşçi qanunla hər gün neçə saat işləməlidir?

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin II bəndinə görə əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü təmin edilir.

Əmək Məcəlləsinə əsasən iş vaxtın 3 növü var:

  1. Tam iş vaxtı;
  2. Qısaldılmış iş vaxtı;
  3. Natamam iş vaxtı.

Əmək Məcəlləsinin  89-cu maddəsinə görə dündəlik normal iş vaxtının müddəti səkkiz saatdan və gündəlik normal iş vaxtına uyğun olan həftəlik iş vaxtı 40 saatdan artıq ola bilməz.

Həmçinin Əmək Məcəlləsinin 90-cı maddəsinə görə istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Məsələn, A firmasında Əli(şərti ad) 6 günlük iş həstəsində 48 saat əmək fəaliyyəti ilə məşğuldursa və işəgötürən ona bu fəaliyyəti üçün heç bir əlavə haqq ödəmirsə Əlinin hüququ yaranır ki, o işəgötürəndən həftəlik normaya əməl etsin və ona dəymiş zərəri ödəsin.

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən isə əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.

Əlavə olaraq isə Əmək Məcəlləsinin 93-cü maddəsinə görə yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Natamam iş vaxtı isə Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasə tənzimlənir. Belə ki, natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.