NECƏ İŞSİZ STATUSU ALA BİLƏRƏM ?!

Vəndaşların hüquqşünaslara ən çox verdiyi suallardan biri də işsiz statusunn əldə edilməsi ilə bağlıdır.  Bunları nəzərə alaraq hüquqşünas Cavad Mustafazadə işsiz statusunun verilməsi qaydasından bəhs edir.

İşsiz statusu kimlərə verilir və işsiz statusunun verilməsi üçün hansı sənədlər lazımdır?

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə görə işi və qazancı olmayan, işə başlamağa hazır olub Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.
Həmin Qanunun 4.2-ci maddəsinə görə isə vətəndaş yaşadığı ərazi üzrə Məşğulluq xidməti orqanına şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.
Nazirlər Kabinetinin “İşsizlərin qeydiyyata alınması” qaydaları haqqında Bakı şəhəri, 22 yanvar 2002-ci il № 14 Qərarı bu sənədlərin siyahısının daha da dəqiqləşdirir. Həmin qərarın 3.2-ci maddəsinə görə işaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almaq hüququna malik olan vətəndaş aşağıdakı sənədləri təqdim etdiyi andan ona münasib iş təklif edilmədiyi halda şəhər, rayon məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi və müavinət təyin edilməsi haqqında qərar qəbul edir:
– mərkəzlərindən pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla) , yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış;
– yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;
– yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;
– himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
– qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.
İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq şəhər, rayon məşğulluq mərkəzinə müraciət etmək hüququ vardır.
Misal: Qulu 2015-ci ildə BSU-nu bitirdikdən sonra məşğulluq orqanlarına işaxtaran kimi qeydiyyata düşmək və işsiz statusu alaraq işsiz müavinəti almaq istəyir. Lakin məşğulluq orqanlarından ona bildiriləcək ki, ilk dəfə iş axtaran şəxs olduğu və əvvəllər heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmadığı üçün ona işsiz statusu və işsiz müavinəti verilə bilməz. Bu o deməkdir ki, Qulu ilk dəfə işaxtaran şəxs olduğu üçün ona işsiz statusu verilməsi “Məşğulluq haqqında “Qanunla qadağan edilir.