ÖLMÜŞ ELAN EDİLMİŞ ŞƏXSİN ƏMLAKINI KİM İDARƏ ETMƏLİDİ?!

Oxuduğunuz bu yazıda sizə fiziki şəxsin itkin xəbərsiz itkin düşmüş və fiziki şəxsin ölmüş elan edilməsi barədə və prosessual hərəkətlər haqqında məlumat verməyə çalışacayıq.

Hansı şəxlər hər hansı bir şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün və ya ölmüş elan edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilər?

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilmiş qanun üzrə vərəsələr fiziki şəxsin həm xəbərsiz itkin düşmüş hesab edilməsi, həm də ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərlər. (Mülki Məcəllənin qeyd edilən maddəsi ilə buradan tanış ola bilərsiniz);
  2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə qətnaməsi əsasında xəbərsiz itkin düşmüş elan edilmiş şəxsin əmlakına idarəçi təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur.

Fiziki şəxs hansı orqanın yekun qərarı ilə xəbərsiz itkin düşmüş və fiziki şəxsin ölmüş elan edilə bilər?!

Fiziki şəxs yalnız məhkəmə qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilə bilər. Əgər siz hər hansı bir şəxsin (yaxın qohumunuzun)  ölmüş hesab edilməsini istəyirsinizsə bunun üçün birbaşa məhkməyə müraciət etməyniz daha az vaxt itirməyinzə səbəb olacaqdır.

Fiziki şəxs hansı hallarda xəbərsiz itkin düşmüş elan edilər bilər?!

  1. Fiziki şəxsin olduğu yer məlum olmamalıdır və eyni zamanda iki il ərzində o, yaşayış yerində görünməməlidir.

Sual yarana bilər ki, bəs qeyd olunan iki ili hesablamaq üçün hansı tarix əsas götürülməlidir?!

Əgər itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün deyildirsə, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır.

Siz həmçinin hərbi əməliyyatlarda olmuş və hələ də geri qayıtmamış hərbi qulluqçunun və ya digər şəxslərin da xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmədə iddia qaldıra bilərsiniz. Əgər siz bunu istəyirsinizsə məhkəməyə müraciət edərkən mütləq qaydada ərizənizdə  hərbi əməliyyatın qurtardığı vaxt göstərməlisiniz.

Bəs fiziki şəxs hansı hallarda ölmüş elan edilə bilər?!

 

  1. Fiziki şəxsin yaşayış yerində onun harada olması barədə 5 (beş) il ərzində məlumat olmadıqda, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və  eyni zamanda ondan altı ay ərzində xəbər çıxmadıqda

 

 Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. ( Əgər sizdə hərbi əməliyyatların nə zaman qurtardığı barədə dəqiq informasiya yoxdursa, bu barədə müvafiq icra hakimiyyəti orqanından informasiya əldə edə bilərsiniz).

Bu hallarda şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

 Sual oluna bilər ki, bəs şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saymaq olarmı?!

Əgər şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən  şəraitdə xəbərsiz itkin düşərsə və ya hərbi əməliyyatlar zamanı hansısa bir tarixdə öldüyü həlak olduğu güman edilərsə şəxs həmin tarix (və ya hərbi əməliyyatların qurtardığı tarix) onun ölüm günü hesab edilə bilər.

Yuxarıda qeyd etdim ki, şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi ancaq məhkəmə qərarı ilə mümkündür. Ona görə də məhkəməyə müraciət etmək qaydaları, məhkəmədə sübutların toplanması, qiymətləndirilməsi və digər məsələlərə toxunmaq vacib məsələdir.

Birinci və önəmli məsələ şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yəni ərizə ilə müraciət edən şəxs harada yaşayırsa həmin yerin məhkəməsinə müraciət etməlidir. Diqqət edin qeydiyyatda olduğu yox, yalnız yaşadığı yerin məhkəməsinə müraciət etməlidir. (Mənim şəxsi qənaətim isə ondan ibarətdir ki, şəxsin xəbərsiz itkin düşmüş və ölmüş elan edilməsi haqqında ərizə yaxşı olardı ki, ərizəçinin passport qeydiyyatda olduğu yerin məhkəməsinə verilsin.)

Ərizənin məzmununda aşağıdakılar mütləq qeyd olunmalıdır:

  1. Şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu;
  2. Şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar;

Və ya

  1. Xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar (ərizədə göstərilməklə bərabər şərh də edilməlidir)
  2. Əgər ərizəniz hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və ya digər şəxslərin ölmüş elan edilməsi ilə bağlıdırsa o zaman siz hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.

Siz yaşadığınız yerin məhkəməsinə ərizənizi təqdim etdikdən sonra ərizənizə hakim tərəfindən baxılır və onun tərəfindən məhkəmə baxışına hazırlanır. Bu zaman hakim hansı hərəkətləri edə bilər?

  1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır;
  2. İtkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır;

Həmçinin hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər.

Məhkəmə yekun olaraq ərizə üzrə qətnamə qəbul edir. Bəs bu qətnamə hansı hüquqi qüvvəyə malikdir?

  1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır.
  2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.

Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra hansı hərəkətlər edilir?!

Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur.

Məhkəmə qərarı ilə ölmüş elan edilmiş şəxs gəldikdə və ya olduğu yer aşkar edildkdə nə baş verir?!

  1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.;
  2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər;
  3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin;
  4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.